4 May 2017-ci il tarixində Beynəlxalq Təlim və Layihə Mərkəzi ilə Azərbaycan Respublikası Auditorlar Palatası arasında “Əməkdaşlıq Sazişi” imzalanmışdır.
Əməkdaşlıq Sazişi Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov və Azərbaycan Respublikası Auditorlar Palatasının Sədri Professor Vahid Novruzov tərəfindən imzalanmışdır.
Müqavilənin əsas məqsədi iki qurum arasında əməkdaşlığı genişləndirmək, mühasibatlıq, vergi, maliyyə və audit sahələrini inkişaf etdirmək, mühasib və auditorların biliklərinin artırılması, peşəkar kadr hazırlığına əlverişli şərait yaratmaq və birgə fəaliyyət nəticəsində Azərbaycan mühasiblərinin beynəlxalq sertifikasiyasını təşkil etməkdir.
Sazişin şərtlərinə əsasən Beynəlxalq Təlim və Layihə Mərkəzində Azərbaycan dilində tədris edilən Maliyyə və Mühasibatlıq, İdarəetmə Uçotu, Vergi Uçotu, Audit, habelə Beynəlxalq Maliyyə Hesabatı Standartları kurslarının nəticəsində keçirilən sertifikatlaşdırıcı imtahanlar və təlimlər məhz Azərbaycan Respublikası Auditorlar Palatası ilə birgə təşkil ediləcək və imtahanlarda uğur qazanan namizədlər Azərbaycan Respublikası Auditorlar Palatası adından Beynəlxalq Sertifikat və Diplomlarla təltif ediləcəklər.